Mehmetciklər Bakıda. Azərbaycan - Türkiyə qardaşlığına daha bir səhifə yazdılar

1918-ci ildə Bakının erməni işğalından azad edilməsinə dair keçirilən tədbirlərdə iştirak etmək məqsədi ilə Türkiyədən Bakıya gələn mehmetciklər - Mehtoran bölüyü sentyabrın 15-də saat 15.30-da hərbi marşın sədaları altında paytaxtımızın İstiqlaliyyət küçəsindən Nizami meydanına qədər hərəkət etmişdir.
Xatırladaq ki, Mehtoran bölüyü Osmanlı dövlətinin hərbi geyim formasını daşıyır. 1918-ci il sentyabrın 15-də Bakı türk qoşunları tərəfindən azad olunandan sonra Mehtoran bölüyü qələbə marşının sədaları altında indiki İstiqlaliyyət küçəsindən keçmişdir.
Mehtoran bölüyünün Bakının küçələrində görünməsi paytaxt sakinlərinin sevincinə səbəb olmuşdur. Bakılılar və şəhərin qonaqları onları hərarətlə qarşılamışlar.
Mehmetciklər Nizami meydanında dövrə vuraraq Türkiyə ordusunun marşlarını ifa etmişlər. Sonra Mehtoran bölüyü Nizami küçəsinə gəlmişdir. Azərbaycanın dahi şairi Nəsiminin heykəli qarşısında daha bir proqram göstəriləndən sonra tədbir başa çatmışdır.

Azərbaycan Respublikası prezidentinin Türkiyə səfəri

Azərbaycan Respublikasının prezidenti, Azərbaycanda Atatürk Mərkəzinin Fəxri sədri lham Əliyev bu ilin aprel ayının 13-15-də Türkiyə Respublikasında rəsmi səfərdə olmuşdur.
Prezident İlham Əliyev Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün məzarını- Anıtqəbiri ziyarət etmiş, xatirə kitabında ürək sözlərini yazmışdır. Səfərin birinci günü Azərbaycan Respublikasının və Türkiyə Respublikasının prezidentlərinin iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur.
Əvvəlcə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında birgə bəyanat" imzalandı. Bəyanatı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respubli-kasının prezidenti Əhməd Necdət Sezər imzaladılar.
Mərasimdə Azərbaycan Respublikası ilə Türkiyə Resmublikası arasında mülki aviasiya, mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair protokollar, sənaye mülkiyyətinin mühafizəsinə dair əməkdaşlıq müqaviləsi, gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi və uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi imzalandı.
Rəsmi səfər günlərində prezident İlham Əliyev Türkiyənin prezidenti Ə.N.Sezər, Baş nazir R.T.Ərdoğan, Baş nazirin müavini, xarici işlər naziri A.Gül, Türkiyə Böyük Millət Məclisinin sədri B.Arınç, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı H.Özkök, Cümhuriyyət Xalq Partiyasının sədri D.Baykal, Doğru Yol Partiyasının sədri, parlamentin deputatı M.Ağar, Türkiyə Ticarət Palatasının sədri R.Hısarçıoğlu, Türkiyənin 9-cu prezidenti S.Dəmirəl ilə görüşmüş, Türkiyə Böyük Millət Məclisində çıxış etmişdir. Görüşlərdə Azərbaycan ilə Türkiyə üçün strateji əhəmiyyət kəsb edən iqtisadiyyat, mədəniyyət, qarşılıqlı iqtisadi yardım məsələləri müzakirə olunmuşdur. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha sübut etdi. Ölkələrimiz yalnız tarixi və etnik baxımdan deyil, həm də siyasi və iqtisadi mənada etibarlı müttəfiq kimi, regionu əhatə edən ən mühüm beynəlxalq layihələrdə birgə iştirak etməsi, eyni zamanda beynəlxalq müstəvidə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi Azərbaycan ilə Türkiyə arasında etimadın yüksək səviyyədə olduğunu söyləməyə əsas verir.
Bu səfər bir-birini əməli şəkildə dəstəkləyən Azərbaycan və Türkiyənin Cənubi Qafqaz bölgəsində sülhün, əməkdaşlığın və sabitliyin bərqərar olması ideyasına sadiq olduqlarını nümayiş etdirmişdir.