AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMIAzərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutuduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə qərara alıram: 1. Azərbaycanda Atatürk Mərkəzi yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti Atatürk Mərkəzinin fəxri sədridir.
3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, Atatürk Mərkəzinin statusu, strukturu və ştat vahidlərini müəyyən etməklə onun Nizamnaməsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Dövlət Əmlakı Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Atatürk Mərkəzi üçün bina ayrılması məsələsini bir ay müddətində həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələlələri həll etsin.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, " 9 " mart 2001-ci il
No 641
|
|
|
|
|
Azərbaycanda Atatürk Mərkəzinin açılış mərasimi
Aprelin 10-da memarlıq baxımından olduqca gözəl bir binada Azərbaycanda Atatürk Mərkəzinin təntənəli açılış mərasimi keçirildi. Mərasimdən öncə Mərkəzin kollektivi ümummilli lider, Mərkəzin yaradıcısı və ilk fəxri sədri Heydər Əliyevin qəbrini ziyarət edib, məzarı üzərinə əklil qoydu. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Tədbirdə Türkiyədən tanınmış elm, incəsənət adamları, o cümlədən Türkiyə Respublikasının dövlət naziri Bəşir Atalayın başçılıq etdiyi nümayəndə heyəti gəlmişdi. Ölkəmizin həyatında əlamətdar hadisəyə həsr olunmuş mərasimi Mərkəzin müdiri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nizami Cəfərov açdı. O, Mərkəzin ötən 3 ildə gördüyü işlərdən və keçirdiyi tədbirlərdən yığcam söhbət açdı, perspektiv planlardan danışdı. Türkiyənin dövlət naziri B.Atalay, Türkiyə Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural Atatürk irsinin Azərbaycanda öyrənilməsini və tədqiqi sahəsində mərhum prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd etdilər. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev nitq söylədi. Dövlət başçısı ümid etdiyini bildirdi ki, Mərkəzdə Atatürkün tarixi xidmətləri dərindən öyrəniləcək və təbliğ olunacaqdır. Bu işdə Mərkəzə uğurlar arzuladı. Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və dövlət naziri B.Atalay Mərkəzin rəsmi açılışını bildirən qırmızı lenti kəsdilər. Dövlətimizin başçısı qonaqlarla birlikdə Mərkəzin ayrı-ayrı otaqlarını gəzdi. Burada buraxılmış nəşrlərlə tanış oldu, məsləhətlərini verdi. Azərbaycan Respublikası Prezidentinin İcra aparatının rəhbəri Ramiz Mehdiyev, Prezidentin İcra aparatının şöbə müdiri Fatma Abdullazadə, nazirlər, xarici ölkələrin Azərbaycandakı səfirləri mərasimdə iştirak edirdilər. |
|
Azərbaycanda Atatürk Mərkəzinin açılış mərasimindəki İlham Əliyevin çıxışı
Hörmətli cənab nazir!
Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda Atatürkün evi - Atatürk Mərkəzi açılır. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Burada qeyd olundu ki, bu mərkəzin açılması barədə qərar Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Həmin sərəncam veriləndən sonra bir müddət mərkəz üçün münasib bir bina axtarılıb və nəhayət, bu, müəyyən olunubdur. Bu gün gözəl tarixi binada Atatürk Mərkəzi öz fəaliyyətinə başlayır. Mustafa Kamal Atatürk dünyanın ən görkəmli şəxsiyyətlərindən biridir. Böyük dövlət xadimi, siyasi xadimdir. Onun Türkiyə qarşısında, bütün türk dünyası qarşısında misilsiz xidmətləri olmuşdur. Ən böyük xidməti isə Türkiyə Cümhuriyyətini yaratmasıdır. Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Necə ki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Atatürkdən sonra 65 il yaşayan Türkiyənin bütün uğurlarının təməli məhz 1923-cü ildən qoyulmuşdur. Bu, düzgün, sağlam təməl üzərində qurulmuş müasir dövlət inkişaf etmiş, güclənmişdir və bu gün Türkiyə dünyada böyük siyasi çəkiyə malik olan bir ölkədir. Türkiyənin dünya birliyində çox önəmli yeri vardır. Bu, bizim hamımızı - bütün türk dünyasını sevindirir. Mustafa Kamal Paşanın ən böyük xidmətlərindən biri də odur ki, onun tərəfindən, bilavasitə onun rəhbərliyi və iştirakı ilə türk ordusu yaranmışdır. Bu ordu bu gün güclənmiş və deyə bilərəm ki, bölgədə, regionda sülhün, təhlükəsizliyin keşiyində duran bir ordudur. Türkiyə Cümhuriyyətinin, bütün türk dünyasının rahat, təhlükəsiz şəraitdə yaşamasında mühüm rol oynayan bir amildir. Biz, türk dünyası haqlı olaraq bundan qürur hissi duyuruq. Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün türk dünyası haqqında daim düşünmüşdür. O cümlədən Azərbaycanda yaşanan olaylar da onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı qardaşlarına olan məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyə qovuşandan sonra onu tanıyan ilk ölkə Türkiyə olmuşdur. Ondan sonra Türkiyə-Azərbaycan əlaqələri, münasibətləri günü-gündən inkişaf edir, güclənir. Bu münasibətlərin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətləri müstəsnadır. Məhz onun fəaliyyəti nəticəsində son on il ərzində Türkiyə-Azərbaycan münasibətləri güclənmiş, inkişaf etmişdir və bu gün ölkələrarası münasibətlərə örnək, nümunə ola bilər. Biz bu siyasətə sadiqik. Biz, Azərbaycanın yeni rəhbərləri bütün məsələlərdə Heydər Əliyevin yolu ilə gedirik. O cümlədən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımından da biz bu siyasətə sadiqik. Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni - bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu, bizi çox sevindirir. Bu gün Türkiyədə və Azərbaycanda dünyanın ən böyük layihəsi - Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirilir. Bu layihə bizi daha da sıx bağlayacaq, daha da sıx birləşdirəcəkdir. Regional əməkdaşlıq üçün gözəl şərait yaradacaqdır. Ümumiyyətlə, regionda bundan sonra gedən proseslərə böyük təsir göstərəcəkdir. Bizim gücümüz birliyimizdədir. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra biz hər zaman Türkiyənin dəstəyini hiss etmişik və ümummilli liderimiz Heydər Əliyevin həmişə kəlamını yadda saxlayırıq: Biz bir millət, iki dövlətik. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır. Əminəm ki, bundan sonra da belə olacaqdır. Bilirsiniz ki, Heydər Əliyev, eyni zamanda, Atatürk beynəlxalq sülh mükafatı ilə təltif edilmişdir. Mən o mərasimi çox yaxşı xatırlayıram. O, orada böyük bir nitq söylədi və qeyd etdi ki, müxtəlif dövrlərdə çoxlu ordenlər, medallar, mükafatlar almışdır. Amma dedi ki, mənim üçün bu mükafat indiyə qədər aldığım bütün mükafatlardan qiymətlidir, doğmadır və əzizdir. Bu da təbiidir. Çünki Heydər Əliyev Atatürkün mədəni, tarixi irsinə həmişə sadiq olan bir şəxsiyyət idi və bugünkü Azərbaycan da məhz bu yol ilə gedir. Azərbaycan güclənir, öz iqtisadi, siyasi potensialını işə salır və dünyada özünə layiq yerini artıq tutubdur. Mən əminəm ki, ölkəmiz bundan sonra daha yüksək pilləyə qalxacaqdır. Bu gün çox əlamətdar bir gündür. Mən ümid edirəm və əminəm ki, burada, Azərbaycanda fəaliyyət göstərəcək Atatürk Mərkəzində Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ ediləcəkdir. Mən Atatürk Mərkəzinə uğurlar arzulayıram. Sizin hamınızı bu tarixi hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun.
|
|