AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında

Türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutuduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə qərara alıram:

1. Azərbaycanda Atatürk Mərkəzi yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti Atatürk Mərkəzinin fəxri sədridir.
3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın ki, Atatürk Mərkəzinin statusu, strukturu və ştat vahidlərini müəyyən etməklə onun Nizamnaməsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Dövlət Əmlakı Nazirliyi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Atatürk Mərkəzi üçün bina ayrılması məsələsini bir ay müddətində həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələlələri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, " 9 " mart 2001-ci il
No 641