|
Azərbaycanda Atatürk Mərkəzinin
təntənəli açılış mərasimi
2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Mərasimə toplaşanlar dövlətimizin başçısını ehtiramla qarşıladılar. Respublikamızın rəhbəri xarici qonaqlarla, türkdilli ölkələrin Bakıdakı səfirləri ilə səmimi görüşdü.
Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri prezident Heydər Əliyev türk dünyasının böyük öndəri, Türkiyə Cumhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədi ilə 2001-ci il martın 9-da Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Atatürk Mərkəzinin yaradıcısı və ilk fəxri sədri olan Heydər Əliyev bu sənədi imzalamaqla Azərbaycanla Türkiyə arasında tarixi əlaqələrin nə qədər sıx olduğunu bir daha nümayiş etdirdi. Elmi araşdırmalar və mədəniyyət təşkilatı olan bu Mərkəzin əsas məqsədi Mustafa Kamal Atatürkün türk dünyasındakı yerini və rolunu, türk dilli xalqların tarixi və mədəniyyətini fundamental şəkildə hərtərəfli öyrənmək və bu xalqların zəngin irsini təbliğ etməkdir.
Ölkəmizin həyatında əlamətdar hadisəyə həsr olunmuş mərasimi Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov açdı. |
Azəbaycan Respublikasının Prezidenti
İlham Əliyevin nitqi
Hörmətli cənab nazir!
Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar!
Bu gün Azərbaycanın müasir tarixində çox əlamətdar bir gündür. Bu gün Azərbaycanda Atatürkün evi - Atatürk Mərkəzi açılır. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Burada qeyd olundu ki, bu mərkəzin açılması barədə qərar Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Həmin sərəncam veriləndən sonra bir müddət mərkəz üçün münasib bir bina axtarılıb və nəhayət, bu, müəyyən olunubdur. Bu gün gözəl tarixi binada Atatürk Mərkəzi öz fəaliyyətinə başlayır.
Mustafa Kamal Atatürk dünyanın ən görkəmli şəxsiyyətlərindən biridir. Böyük dövlət xadimi, siyasi xadimdir. Onun Türukiyə qarşısında, bütün türk dünyası qarşısında misilsiz xidmətləri olmuşdur. Ən böyük xidməti isə Türkiyə Cumhuriyyətini yaratmasıdır. Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Necə ki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Atatürkdən sonra 65 il yaşayan Türkiyənin bütün uğurlarının təməli məhz 1923- cü ildən qoyulmuşdur. Bu, düzgün, sağlam təməl üzərində qurulmuş müasir dövlət inkişaf etmiş, güclənmişdir və bu gün Türkiyə dünyada böyük siyasi çəkiyə malik olan bir ölkədir. Türkiyənin dünya birliyində çox önəmli yeri vardır. Bu, bizim hamımızı – bütün türk dünyasını sevindirir.
Mustafa Kamal paşanın ən böyük xidmətlərindən biri də odur ki, onun tərəfindən, bilavasitə onun rəhbərliyi və iştirakı ilə türk ordusu yaranmışdır. Bu ordu bu gün güclənmiş və deyə bilərəm ki, bölgədə, regionda sülhün, təhlükəsizliyin keşiyində duran bir ordudur. Türkiyə Cumhuriyyətinin, bütün türk dünyasının rahat, təhlükəsiz şəraitdə yaşamasında mühüm rol oynayan bir amildir. Biz, türk dünyası haqlı olaraq bundan qürur hissi duyuruq.
Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün türk dünyası haqqında daim düşünmüşdür. O cümlədən Azərbaycanda yaşanan olaylar da onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı qardaşlarına olan məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir.
Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyə qovuşandan sonra onu tanıyan ilk ölkə Türkiyə olmuşdur. Ondan sonra Türkiyə-Azərbaycan əlaqələri, münasibətləri günü-gündən inkişaf edir, güclənir. Bu münasibətlərin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətləri müstəsnadır. Məhz onun fəaliyyəti nəticəsində son on il ərzində Türkiyə-Azərbaycan münasibətləri güclənmiş, inkişaf etmişdir və bu gün ölkələrarası münasibətlərə örnək, nümunə ola bilər. Biz bu siyasətə sadiqik. Biz, Azərbaycanın yeni rəhbərləri bütün məsələlərdə Heydər Əliyevin yolu ilə gedirik. O cümlədən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımından da biz bu siyasətə sadiqik. Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni- bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu, bizi çox sevindirir. Bu gün Türkiyədə və Azərbaycanda dünyanın ən böyük layihəsi həyata keçirilir. Bu layihə bizi daha sıx bağlayacaq, daha da sıx birləşdirəcəkdir. Regional əməkdaşlıq üçün gözəl şərait yaradacaqdır. Ümumiyyətlə, regionda bundan sonra gedən proseslərə böyük təsir göstərəcəkdir. Bizim gücümüz birliyimizdədir. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra biz hər zaman Türkiyənin dəstəyini hiss etmişik və ümummilli liderimiz Heydər Əliyevin bir kəlamını həmişə yadda saxlayırıq: Biz bir millət, iki dövlətik. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır. Əminəm ki, bundan sonra da belə olacaqdır.
Bilirsiniz ki, Heydər Əliyev, eyni zamanda, Atatürk Beynəlxalq Sülh Mükafatı ilə təltif edilmişdir. Mən o mərasimi çox yaxşı xatırlayıram. O, orada böyük bir nitq söylədi və qeyd etdi ki, müxtəlif dövrlərdə çoxlu ordenlər, medallar, mükafatlar almışdır. Amma dedi ki, mənim üçün bu mükafat indiyə qədər aldığım bütün mükafatlardan qiymətlidir, doğmadır, əzizdir. Bu da təbiidir. Çünki Heydər Əliyev Atatürkün mədəni, tarixi irsinə həmişə sadiq olan bir şəxsiyyət idi və bugünkü Azərbaycan da məhz bu yol ilə gedir. Azərbaycan güclənir, öz iqtisadi, siyasi potensialını işə salır və dünyada özünə layiq yerini artıq tutubdur. Mən əminəm ki, ölkəmiz bundan sonra daha yüksək pilləyə qalxacaqdır. Bu gün çox əlamətdar bir gündür. Mən ümid edirəm və əminəm ki, burada, Azərbaycanda fəaliyyət göstərəcək Atatürk Mərkəzində Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ ediləcəkdir. Mən Atatürk Mərkəzinə uğurlar arzulayıram. Sizin hamınızı bu tarixi hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun. |
Azərbaycanda Atatürk Mərkəzinin
müdiri Nizami Cəfərovun çıxışı
Möhtərəm cənab Prezident!
Türkiyə Cumhuriyyətinin hörmətli dövlət naziri!
Əziz qonaqlar, xanımlar və cənablar!
Azərbaycan xalqının milli lideri, müasir Azərbaycan dövlətçiliyinin qurucusu, türk dünyasının böyük siyasi xadimi Heydər Əliyevin yaratdığı Atatürk Mərkəzinin yeni binası önündə sizi ürəkdən salamlayır, hamınıza «Xoş gəlmisiniz, səfa gətirmisiniz!» deyirəm.
Möhtərəm cənab prezident!
Atatürk Mərkəzinin açılışında Sizin bilavasitə iştirakınız bu mərasimə xüsusi bir rövnəq verməklə yanaşı, Mərkəz əməkdaşlarının məsuliyyətini qat-qat artırır. Atatürkü öyrənmək yalnız türk dünyasının, ümumən dünyanın dahi siyasi xadimlərindən birinin tarixi xidmətlərini şükranlıqla xatırlamaq ehtiyacının nəticəsi deyil, eyni zamanda müstəqil dövlət quran türkdilli ölkələr üçün böyük siyasi-ideoloci təcrübə verir.
Atatürk Mərkəzinin açılması Azərbaycan dövlətinin qurucusunun çox böyük arzularından biri idi. Amma biz əsas bu işi görəcəyik ki, bu arzulara sadiq olacağıq və bizim böyük rəhbərimiz, milli liderimiz necə buyurmuşsa, onu yerinə yetirməyə çalışacağıq.
Cənab Prezident, Sizin türk dünyasına – Qazaxıstana, Özbəkistana səfərləriniz və Türkiyə Cumhuriyyətinə qarşıdakı səfəriniz Azərbaycan ilə türk dünyası arasında daha sıx əlaqələr yaratmaqdadır. Biz əminik ki, bu əlaqələr yeni bir mərhələyə qalxacaq və dünyada öz yerini tutmaqda həm Azərbaycan xalqına, həm də türk dünyasına kömək edəcəkdir.
Əlbəttə, Atatürk Mərkəzi bu günə qədər müəyyən işlər görmüşdür. Biz bu işləri sadəcə başlanğıc hesab edirik. Atatürk haqqında kitablar buraxılmış, türk dünyasına dair müəyyən kitablar nəşr olunmuşdur. Amma bununla yanaşı, bizə bu gözəl binanın verilməsindən sonra, – cənab prezident, mən bunu xüsusi vurğulamaq istəyirəm – binanın bu vəziyyətə çatmasında Sizin xüsusi xidmətləriniz və qayğılarınız vardır,- dövlətimiz, xalqımız və ümumən türk dünyası üçün daha böyük həvəslə, maraqla, canyanğısı ilə işləyəcəyik.
Mən, eyni zamanda, bu Mərkəzin binasının gözəl şəkildə bərpa olunmasında xidmətləri olan bütün təşkilatlara, xüsusilə, «Azəraqrartikinti» Səhmdar Cəmiyyətinə Sizin hüzurunuzda təşəkkür etmək istəyirəm. Nazirlər Kabinetinə, ümumiyyətlə, bu məsələlərlə məşğul olan bütün təşkilatlara minnətdarlığımı bildirirəm. Təbiidir ki, yenə də böyük işin mərkəzində Siz durursunuz. Buna görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. «Xoş gəlmisiniz!» deyirəm. Biz sizin bütün arzularınızı həyata keçirməyə həmişə hazırıq. Sizin hər bir göstərişiniz bizim üçün ideoloci, metodoloci göstəriş olacaqdır. Ürəkdən təşəkkür edirəm. |
Türkiyə Cümhuriyyətinin dövlət naziri
Bəşir Atalayın çxışı
Çox hörmətli Cümhurbaşqanı!
Dəyərli qonaqlar!
Əvvəlcə, hamınızı hörmət və sevgi ilə salamlayıram.
Bakıda Atatürk Mərkəzinin açılış mərasimində iştirak etmək üçün gədiyim dost və qardaş Azərbaycana türk xalqının hərarətli salamını və məhəbbətini gətirmişəm. Dost və qardaş ölkə Azərbaycanda olmaq hər bir türk vətəndaşı və Türkiyə Cümhuriyyətinin hər bir nümayəndəsi üçün daim şərəfdir və bu, xüsusi bir məmnunluq və qürur mənbəyidir.
Daha öncə, 2003-cü il dekabrın 15-də mərhum Heydər Əliyevi son mənzilə yola salmaq üçün Bakıya gəlmişdim. Sovetlər Birliyi və müstəqillik dövründən sonra Azərbaycan tarixini yaradan böyük dövlət və siyasət adamı, bütün türk dünyasının böyük övladı Heydər Əliyevi bu anda dərin hörmət və rəhmətlə anmaq hamımız üçün bir borcdur. Mərhum Heydər Əliyevin təlimatları ilə çalışmağa başlayan və Milli Məclisin deputatı professor Nizami Cəfərovun rəhbərliyi ilə çox dəyərli işləyən bu Mərkəzin Atatürkün adına yaraşan bu binada daha faydalı fəaliyyət göstərməsindən böyük məmnunluq duyuram.
Doğrudan da, hörmətli cümhurbaşqanı mərhum Heydər Əliyevə, indiki prezident İlham Əliyevə bu tarixi binanı Atatürk Mərkəzinə verən Azərbaycan dövlətinə, hökumətinə, bu işdə böyük əməyi olanların hamısına təşəkkür edirəm. Bu bina Bakıda tarixi əhəmiyyəti olan bir tikilidir. Bir az əvvəl içərisini gəzdik, çox gözəl qədim memarlığı olan bu bina vaxtilə dəyərli mədəniyyət mərkəzi olmuşdur. Bundan sonra da böyük fəaliyyətlər üçün məkan olacaqdır.
Atatürk Mərkəzi Azərbaycan və Türkiyə xalqları arasındakı köklü qardaşlıq tellərinin çox gözəl bir nümunəsidir və inanıram ki, bu, aramızda yeni bir körpü olacaqdır. Onun Atatürkün düşüncə sisteminin Azərbaycanda və türk dünyasında daha dərindən anlaşılmasına da xidmət göstərəcəyinə inanıram.
Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir və bu, doğrudan da, belə olmalı idi. Biz bundan çox məmnunuq. O gündən bəri mükəmməl səviyyədə olan əlaqələrimiz, sağam dostluq və strateci işbirliyi əsasında irəliləməkdədir. Bu işbirliyimizin cümhurbaşqanı hörmətli İlham Əliyevin öndərliyi ilə daha da dərinləşəcəyi və genişlənəcəyinə inamımız böyükdür.
Bu gün gənc bir liderin rəhbərliyi ilə Azərbaycanın öz iqtisadi və sosial inkişafını davam etdirərək sahib olduğu təbii sərvətləri və insan potensialı ilə bölgəsinin yüksələn gücü olması üçün sağlam addımlarla getdiyini görmək bizləri, Türkiyəni, türk xalqını məmnun etməkdədir.
İkitərəfli əlaqələrimizin hər sahədə inkişaf etdirilməsi hökumətlərimizin xüsusi diqqət mərkəzindədir. Bizim münasibətlərmiz mərhum Heydər Əliyevin ifadəsi ilə «Bir millət, iki dövlət» təməlində siyasətdən iqtisadiyyata, səhiyyədən təhsilə, mədəniyyətdən sənətə və elmə qədər həyatın hər sahəsində ölkələrimizin inkişafını təşkil edən müstəsna əlaqələrdir. Bu özəl və xüsusi əlaqələrimiz bölgədə sabitliyə və işbirliyi layihələrinə əsas yaradır. Dünyanın ən böyük layihəsi kimi tanınan Bakı-Tbilisi-Ceyhan boru xətti və digər enerci layihələri bölgəyə rifah və sülh gətirəcəkdir. Bu mənada xarici siyasətimizdə Atatürkün «Yurdda sülh, cahanda sülh» kəlamını əsas tutmaqla hərəkət edərək, bölgə üçün ən böyük əngəl yaradan münaqişələrin sülh yolu ilə çözülməsinin vacibliyini vurğulamaq istəyirəm.
Türkiyə indiyə qədər olduğu kimi, bundan sonra qardaş Azərbaycana Ermənistana olan münaqişənin çözümü üçün əlindən gələn dəstəyi verməyə daim davam edəcəkdir. Bu duyğu və düşüncələrlə açılışında iştirak etməkdən şərəf duyduğum Atatürk Mərkəzinin yaradılmasında əməyi olan və burada çalışan hər bir şəxsə hökumətimiz və türk xalqı adından bir daha təşəkkür edir, hörmət və ehtiramımı bildirirəm. |
Atatürk Yüksək Qurumunun başqanı,
professor Sadıq Turalın çıxışı
Azərbaycan dövlətinin çox dəyərli Prezidenti İlham Əliyev
Türkiyənin hörmətli dövlət naziri cənab Atalay
Azərbaycan hökumətinin hörmətli nazirləri!
Türkiyənin Bakıdakı hörmətli səfiri!
Sevgili qonaqlar, xanımlar və cənablar!
2000-ci ildə «Dədə Qorqud» dastanının yubileyi ilə əlaqədar Bakıda olduğumuz günlərdə mərhum böyük dövlət adamı cənab Heydər Əliyev bizi qəbul etdi. Orada ona dedik ki, Siz Atatürkə böyük sevgi ilə bağlı böyük dövlət adamısınız Türkiyədə isə Atatürk Sülh mükafatının sahibi olan dünyanın dövlət adamlarından birisiniz. Burada parka, prospektə onun adını verdiniz. Türkiyədə isə Atatürk Mərkəzini yaratmaq ancaq və ancaq sizə yaraşar. Biz bunu Sizdən xahiş edirik. Bu sözləri deyəndən sonra cənab Heydər Əliyev dedi ki, zatən mən bunu düşünürdüm. Daha sonra isə bu barədə Sərəncamı mənə göndərdi.
Bu dahi şəxsiyyət Mərkəz üçün heç bir yeri bəyənmirdi. Bəyənməməkdə də israr edirdi. Niyə belə etdiyini isə biz bu gün görürük. Çünki, doğrudan da, Atatürk Mərkəzinə layiq bina görürük. Çünki, doğrudan da, Atatürk Mərkəzinə layiq bina seçmişdir.
Atatürk iyirminci yüzildə yetişmiş, müasir Türkiyə dövlətini qurmuş, hazırda bayrağı dünyada dalğalanan bir dövlətin öndəri kimi tanınır. O, imperializmə sülhü, millətinə isə birləşib bütünləşməyi öyrədən böyük dövlət adamıdır. Onda qardaşlarımızın, eləcə də dünyanın öyrənəcəyi bir çox fikirlər var.
Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Atatürkün irsini gözəl bilən, təbliğ edən ən dəyərli dövlət adamı idi. Onun Nizami Cəfərov kimi bir alimi bu Mərkəzə müdir təyin etməsi, bu binanı seçməsi və cənab İlham Əliyevə belə bir böyük əmanət verməsi bizi çox sevindirir. Biz onu rəhmət və minnətdarlıqla anırıq.Atatürk Mərkəzi sadəcə, azərbaycanlıların deyil, hamımızındır. Böyük Türkiyənin daha çox inkişaf etməsini arzulayaraq, hamınızı sevgi və hörmətlə bir daha salamlayır və dərin minnətdarlığımı bildirirəm!
***
Sonra Prezident İlham Əliyev Atatürk Mərkəzinin rəsmi açılışını bildirən qırmızı lent kəsdi. Dövlətimizin başçısı mərkəzin ayrı-ayrı otaqlarını gəzdi, Mustafa Kamal Atatürkün bürüncdən hazırlanmış büstünə baxdı, son vaxtlar mərkəz tərəfindən nəşr olunan kitablarla maraqlandı.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, nazirlər, Milli Məclisin deputatları, türkdilli ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər mərasimdə iştirak edirdilər. |
|